Dollar satışı niyə artıb? | TƏHLİL

   Dollar satışı niyə artıb?    | TƏHLİL
  08 Yanvar 2025    Oxunub:451
Ötən il ölkədə ABŞ dollarına tələb artıb. Bunun nədən qaynaqlandığı konkret cavab istəyir. 2017-ci ildən bəri ölkəmizdə "dollar aclığı" aradan qalxmışdı. Bu gün də belə bir hal mövcud deyil. Sadəcə olaraq, Dövlət Neft Fondu (ARDNF) daha çox dollar satıb ki, bu da ümumi həcmi yüksəldib.
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən 87 valyuta hərracında 6 milyard 603 milyon 870 min məbləğində ABŞ dolları satılıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox deməkdir. ARDNF tərəfindən satılan dollar həcmindən əldə edilən manat kütləsi qabaqcadan nəzərdə tutulan illik transfert çərçivəsində dövlət büdcəsinə köçürülür. Məsələ bundadır ki, ARDNF-in dollar satışından əlavə, AMB-in rəsmi valyuta ehtiyatları da oktyabr və noyabr ayları ərzində 424 milyon dollar + 404 milyon dollar = 828 milyon dollar məbləğində azalıb. İl ərzində niyə bu qədər dollar satışı həyata keçirilib?! Ölkədə ABŞ valyutasına tələb həqiqətən artıbmı? Artıbsa bu, nəylə əlaqədardır?

Hər şey heç də göründüyü kimi deyil. Əvvəla, ölkədə xarici valyutaya tələb bazar tərəfindən müəyyən olunmalıdır. Bunun üçün ilk növbədə dövlət iqtisadiyyatdan və bazardan tam kənarda mövcud olmalı, valyuta tənzimlənməsi “üzən məzənnə” mexanizmi əsasında fəaliyyət göstərməlidir.

2017-ci ildən keçən müddətdə manata inamın azalması üçün heç nə baş verməyib. Bəs AMB niyə ARDNF ilə yanaşı valyuta satışı həyata keçirib və 828 milyon dollar sərf edib? Qurumun açıqlamasında bunun dövlət xərclərinin xarici valyuta ilə olan hissəsinin, yəni müxtəlif vacib layihələrin və tədbirlərin, müdafiə, digər öhdəliklər və strateji əhəmiyyətli məsələlərin icrasına dəstək məqsədilə həyata keçirildiyi bildirilir. Həqiqətən də, valyuta bazarında manatın dəyəri üçün heç bir təhdid mövcud olmadığından, AMB-in 828 milyon dollarlıq intervensiya tədbiri məhz bununla əlaqədar baş verməyib. Əksinə, AMB-in rəsmi valyuta ehtiyatlarını artırması üçün münbit şərait davam edib. Buna rəğmən, qurum oktyabradək ehtiyatını cəmi 183 milyon dollar artırıb.


ARDNF də nə qədər çox dollar satmış olsa belə, dövlət büdcəsinə nəzərdə tutulan transfertdən kənara çıxmayıb. Yəni Neft Fondu dollar satışında limiti keçməyib. Sadəcə olaraq, 2024-cü il ərzində dövlət xərcləri əvvəlki illərdən çox olduğundan, Fond tərəfindən satış tempi bir qədər sürətli xarakter daşıyıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, COP29 ilə bağlı layihələr, tikinti və sair xərclər, investisiyalar idxalı artırıb. Təkcə, Qarabağ bölgəsinə 44 günlük müharibədən sonra 19 milyard manatdan çox vəsait xərclənib.

Ümumiyyətlə, dövlət xərcləri və investisiyaları artdıqca, idxalın genişlənməsi qaçılmaz xarakter daşıyır. Çünki tək yerli istehsal hesabına hər şeyi etmək mümkün deyil. İstər istehlak bazarında, istərsə də investisiya zamanı istifadə edilən malların əksəriyyəti xaricdən gətirilir. Nəticədə dollara tələbat istər-istəməz artır. Bunu “iqtisadiyyatın genişləndirilməsi tədbirləri” adlandırmaq da mümkündür.

Bir sözlə, ötən il ABŞ dollarına tələbin çoxalması sırf iqtisadi tələblərdən - dövlət xərclərinin artması, iqtisadiyyatın genişlənməsi, investisiya məsrəflərindən qaynaqlanıb. Heç bir halda hansısa riskli məqam ortaya çıxmayıb. Valyuta bazarında sabitlik qorunub saxlanmaqda davam edib. Neft Fondu və AMB-nin dollar satmaları əhalinin şəxsi məqsədlər üçün valyuta almasından irəli gəlməyib. İqtisadiyyatda dollarlaşma prosesi də getmir. Bunu ölkənin bank sektorunda fiziki və hüquqi şəxslərin yerləşdirdiyi depozit həcmlərinin strukturu da sübut edir, bankların kredit portfelində xarici valyuta ilə verilən kredit vəsaitlərinin həcmi də. Dollar satışının artması bu valyutaya marağın və sığortalanmaq istəyinin təzahürü deyil.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Dollar   Manat   Valyuta  





Xəbər lenti